Mətbuatda tez-tez belə təkliflər səslənir: "Universitetlər Bakıdan əyalətlərə köçürülsün". Amma heç kəs demir ki, "gəlin universitetlərimizi universitet edək." Paytaxtda inkişaf edə bilməyən universitetlər, əyalətdə inkişaf edə bilərmi?
Belə “unikal” təkliflər təxminən 12 il əvvəl də tez- tez səslənirdi. Həmən illərdə bu məsələ müzakirə edilərkən tədbirlərin birində bildirdim ki, “gəlin əvvəlcə universitetlərimizi universitet edək, sonra hara istəsəniz, köçürək".
Təbii ki, belə fikirlərin səslənməsi o illlərdə də Təhsil Nazirliyinin xoşuna gəlmirdi. Həqiqətən də dünya universitetlərinin reytinq cədvəllərində son pillələrdə yer tutan universitetlərimizi 50-100 milyon vəsait xərcləyib əyalətə daşımağın nə mənası? Halbuki universitetlərimizin inkişafdan geri qalmasının əsas səbəbi 30 il ərzində onlara investisiyaların olmaması idi.
Bu addım qəzalı halda olan binanın çox baha qiymətə şəhərin bir yerindən yerinə daşınmasına bənzəyir, halbuki bu pula qəzalı kökündən binanı söküb, 10 dənə belə yeni bina tikmək olardı. Belə “unikal” ideyanın icrası nəticəsində universitetlər tezliklə əyalətlərdə olan filialların səviyyəsinə enəcək.
Bu təklifi verənlər bilməlidirlər ki, bir universitetin əyalətə köürülməsi üçün ən azı 80 -100 milyon manat xərclənməlidir. 12 il əvvəl belə çağırışlar olanda nazirlik rəsmiləri deyirdilər ki, bir universitet üçün şəhər kənarında yeni kampusun tikilməsinə 100-150 milyon manat lazımdır (150-200 milyon $), bu gün bu rəqəmin daha da artmış ehtimal edilir. Halbuki heç bir universitetimizin inkişafına son 30 il ərzində bu məbləğin heç 10 % qədər investisiya qoyulmayıb. Bu gün də gündəmdə belə layihələr yoxdur.
Tədqiqat Universitetlərini də beləcə, pulsuz-parasız “qurmaq” istəyirlər. Heç bir investisiya qoyulmayan, belə arxaik "universitetləri" hara evakuasiya etsək də, ondan müasir universitet ola bilməz. Bəlkə universitetlərin evakuasiyasına xərclənən pulları elə universitetlərimizin inkişafına yönəldək. Təyinatı üzrə xərcləncə, bizdə də tədricən müasir universitetlər yarana bilər.
Bizə nə lazımdır? Müasir universitetlər qurmaq, yoxsa şəhərdə yer boşaltmaq?
Digər tərəfdən bu gün virtual təhsilin inkişafı dövründə bu nə kampus sevdasıdır belə? Hələ 10-15 il əvvəl dünyada virtual universitetlər var idi ki, heç bir kampusu yox idi, amma 100 minlərlə tələbəsi var idi, əksəriyyəti də xarici ölkələrdən olan tələbələr. Virtual Universitetlər bu günün, sabahın, gələcəyin universitetləridir. Biz isə dünənin universiuitetini qurmaq üçün 100 milyonlar sərf etməyi təklif edirik.
Universitetlərimizi müasir elm-təhsil mərkəzi edə bilsək, onun hansı məkanda yerləşməsinin heç bir əhəmiyyəti olmayacaq. Bunun mümkün yollarından bəzilərini hələ 15 il əvvəldən öz məqalələrimizdə təklif etmişik.
Mövzunun aktuallığını nəzərə alaraq, həmən məqaləni bu yaxınlarda təkrarən nəşr etdik:
“Təhsildə qlobal rəqabəti artır. Buna hazırıqmı?”
Dos. İlham Əhmədov